Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


DƏNİZİN ADI XALQIN, SƏRVƏTİ İSƏ ÖZGƏNİNDİR

DƏNİZİN ADI XALQIN, SƏRVƏTİ  İSƏ ÖZGƏNİNDİR11/06/2010 , 12:54
Müstəqil Ekoloqlar Cəmiyyətinin sədri Rəfail Əliyev deyir ki, balıq və balıq məhsullarının brakonyer ovu vasitəsilə tutulub bazarlarda satılması, xüsusən, qara kürü qaçaqmalçılığı geniş vüsət alıb: “Brakonyerlər ovetmə qurğularından istifadə edərək qiymətli sərvətlərimizin nəslini
get–gedə məhv edirlər”.
“Vaxt vardı çaylarımızda, Xəzər dənizinin lap sahilində müxtəlif növ balıq bol olardı. Hətta çəki balığının əllə tutulduğu vaxtlar da olub. İndi isə bunlar elə bil yoxa çıxıb”. İndi əhali arasında belə monoloqları tez–tez eşitmək olar.

Son illərdə Xəzərin təbii sərvətləri, xüsusən balıq ehtiyatları sürətlə azalmaqdadır. Xəzərin qiymətli sərvəti olan balıqlar sürətlə məhv edilir. Cənubi Xəzərdə, xüsusən onun Lənkəran akvatoriyasında qeyri–qanuni vətəgələr və brakonyerlər (icazəsiz ov edənlər) tərəfindən balıq ovu geniş yayılıb. Hər il on minlərlə nərə, qızılbalıq, siyənək, ziyad, çəki, külmə, çapaq və bir sıra başqa növ balıqlar qida üçün əhəmiyyətli olduqlarına görə ticarət məqsədilə ovlanır. Nərəkimilərin əti və ondan alınan qara kürü dünya bazarına çıxarılır. Cəlilabadın, Masallının, Lənkəranın və Astaranın bazarlarında, Qumbaşı və Ürgə kəndlərinin yol kənarlarında balıq və balıq məhsullarının satışı adi hal alıb.

Müstəqil Ekoloqlar Cəmiyyətinin sədri Rəfail Əliyev deyir ki, balıq və balıq məhsullarının brakonyer ovu vasitəsilə tutulub bazarlarda satılması, xüsusən, qara kürü qaçaqmalçılığı geniş vüsət alıb: “Brakonyerlər ovetmə qurğularından istifadə edərək qiymətli sərvətlərimizin nəslini
get–gedə məhv edirlər”.

Balıq sınayesi üzrə mütəxəssis Əkbər Şükürovun bildirdiyinə görə, vaxtilə balıq sərvətlərinin saxlanılması və balıq növlərinin çoxaldılması məqsədilə nərə cinsli balıqların ovlanmasına xüsusi limit və ya kvota müəyyən olunmuş və bu məqsədlə dəniz–balıq zavodları da inşa edilmişdir. Brakonyerliyə qarşı mübarizə işi də gücləndirilmişdir. İndi isə təbiətin mühafizə olunması sahəsindəki işlər alt–üst olmuşdur. İranın dövlət sərhədindən ta Lənkəran ərazisinə qədər saysız–hesabsız balıqovlama vətəgələri mövcuddur ki, bunlara kimlərin himayədar olması barədə səhih məlumat yoxdur. Aparılan hesablamalara görə, Astara və Lənkəran vətəgələrindən ovlanan nərə cinsli balıqlar rayondan kənara aparılır və bu balıqlardan alınan kürülərin harada və necə satılması da məlum deyil. İndi Astara və Lənkəranda olan qeyri–qanuni vətəgələrin ovladıqları balıqlardan hamı bəhrələnə bilmir. Çünki bazarda satılan balıq növləri olduqca baha qiymətədir.

Lənkəran rayonu, Liman şəhərinin sakini, 62 yaşlı İlqar Hüseynov balıq və balıq məhsullarının bir hissəsinin bazarlarda və yol kənarlarında ayrı–ayrı şəxslər tərəfindən baha qiymətə satılmasını ürəkağrısı ilə qeyd edir: “Dənizin adı xalqın , sərvəti isə özgənindir. Məgər, bu barədə xeyirxah işlər görmək olmazmı? Nə səbəbə Lənkəranda balıq mağazaları yoxdur? Axı, Sovet dövründə balıq satışı ilə məşğul olan mağazalar var idi”.

Lənkəran mərkəzi bazarında balıq satan, 45 yaşlı Nazilə söhbət zamanı dedi ki, müştəridən (vətəgə və ya brakonyer nəzərdə tutulur) götürdüyü balığın üstünə qəpik–quruş qoyub satmaqla ailəsini birtəhər dolandırır: “Nə edim, uşaqlarımı acından öldürən deyiləm. Çörəyim bundan çıxır”.

Həkim Şəfaət Həsənovun bildirdiyinə görə, aparılmış sanitar–gigiyenik yoxlamalar zamanı bəlli olub ki, bazarlarda satılan qara kürü brakonyer ovu vasitəsilə tutulmuş nərə balıqlarından kustar yolla alınır. Həkim deyir ki, balıq əti tez xarab olan yeyinti məhsuludur və tibbi nöqteyi nəzərdən bu məhsul ya diri, ya da soyuducuda dondurulmuş halda satışa çıxarılmalıdır. Əks halda isti hava və antisanitariya mühiti toksikoinfeksiya törədicilərinin sürətlə çoxalmasına əlverişli şərait yaradır. Nəticədə balıq əti çox təhlükəli qida mənbəyinə çevrilir və onu qəbul edən şəxsin orqanizmindı ağır, güclü toksikonoz başlayır.

Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqovun bildirdiyinə görə, müvafiq qürumlarla keçirdikləri reyd zamanı bazarda və bazarətrafı ərazidə
balıq və balıq məhsullarının satışının gigiyenik tələblərə riayət olunmadığı faktları aşkarlanıb. Bu məhsullar necə və harada gəldi satılır. Onun sözlərinə görə , aşkarlanan nöqsanlar aktlaşdırılıb və müvafiq tədbirlər görüləcək.

Hüquqşünas Ehtiram Fəttayevin bildirdiyinə görə, balıq ovu ilə əlaqədar qaydaya əməl edilməməsi ayrı–ayrı hallarda cinayət qanunu üzrə cəzalandırmaq üçün əsas verə bilər. Cinayət
Məcəlləsinin 256–cı maddəsinə əsasən, balıqların və başqa su heyvanlarının qanunsuz tutulması və xeyli miqdarda ziyan vurulduqda şərti maliyyə vahidi məbləğinin 100 mislindən
500 mislinədək cərimə və ya 1 ilə qədər icbari islah işləri ilə cəzalandırılır. Eyni əməliyyat külli miqdarda ziyan vurmaqla və ya fövqəladə, yaxud təhlükəli ekologiya vəziyyətində
törədildikdə şərti maliyyə vahidi məbləğinin 100 mislindən 500 mislinədək cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumedilmə ilə cəzalandırılır. Balıq ehtiyatlarının qorunması qaydalarını pozmaq isə CM–nin 257–ci maddəsinə əsasən, şərti maliyyə vahidi məbləğinin 100 mislindən 500 mislinə qədər miqdarda cərimə və ya 3 ilədək müəyyən müddət vəzifə tutma və ya müəyyən fəaliyyətə 1 ilədək islah işləri ilə cəzalandırılır.

Müşahidəçilər mövzu ilə əlaqədar söhbətlərində maraqlı məsələlərdən söz açdılar: “Xəzərin balıqlar ailəsinin mühafizə olunmasına cavabdeh olan dövlət strukturlarında hər bir vətəgə və brakonyerin siyahısı olur və onlar bu qürumlara hər ay “rüsum” ödədikdən sonra balıq ovuna çıxırlar. Aylıq “rüsumu” ödəməyib ova çıxanlar isə yerindəcə tutulub inzibati qaydada cəzalandırılırlar”.

Qeyd edək ki, Xəzərin balıq ehtiyatlarından bütün Xəzəryanı ölkələr faydalanır. Bu ölkələrin hamısında balıq mağazaları fəaliyyət göstərir və əhali bu qiymətli sərvətdən bəhrələnə bilir. Amma Azərbaycana gəldikdə isə bu sahədə vəziyyət çox fərqlidir və bu ümumxaq sərvətindən hamı bəhrələnə bilmir. Müşahidəçilər hesab edir ki, bu sahədə dövlətin müəyyən etdiyi kvota və normaların heç bir əhəmiyyəti yoxdur. Balıq və balıq məhsullarının ovlanması və satışı sahəsində problemlər süni surətdə yaradılır və bu məhsullar bazarlarda bilərəkdən satılır. Çünki
belə alış–verişdən əldə edilən çoxlu miqdarda pul müəyyən adamların cibinə girir və nəticədə onlar sürətlə varlanırlar. Bu vəziyyət artıq “balıq monopoliyası nın mövcud olduğunu göstərir”.

Artıq bu məsələdə qayda yaradılmasının vaxtı çatıb. Brakonyerlik probleminin ən asan həlli yolu bu məhsulun satışının mağazalarda təşkili ola bilər. Bundan başqa, vaxtilə rayonda fəaliyyət göstərən balıq kombinatı və balıqçılıq zavodları bərpa olunmalı, xüsusən nərə cinsli balıqların emalı rayonda təşkil olunmalıdır. Çünki bunun əhalinin dolanışığına böyük təsiri olar.

NİZAMİ HÜSEYNOV

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.